BAKI, 10 may — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçisi Piter Svedberq və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinə birbaşa məsul olan nümayəndəsi Tomas Lenk keçirəcəklər.