BAKI, 9 may — Sputnik. "Son 2-5 aprel müharibəsi erməniləri yuxudan oyatdı". Bunu Sputnik-ə açıqlamasında hərbi ekspert Şükür Məmmədov deyib.
Onun sözlərinə görə, keçən ayın ikisinə qədər qarşı tərəf hələ də 92-93-cü illərin əhval-ruhiyyəsində idi: "Amma iki aprel tarixindən etibarən erməni xalqı qarşılarında nə cür ordu dayandığının fərqinə vardı".
Ş.Məmmədov deyib ki, Azərbaycanın İsraildən aldığı öldürücü dronlar düşmən ölkədə xeyli qorxu yaradıb: "Ermənilərin rus dilli xəbər saytlarını tez-tez oxuyuram. Xəbərlərin altına yazılan şərhləri də izləyirəm. Hazırda Ermənistanda ən çox müzakirə olunan şey bizim müasir silahlarımızdır. Ən çox da İsraildən alınan intiharçı dronlar. Məhz bu silah düşmən tərəfdə ciddi təşviş yaradıb".
Hərbi ekspert hesab edir ki, əgər bu tip silahlar nə qədər çox olsa, can itkisi də o qədər az olar: "Müasir dövrdə orduda əsas kəmiyyət deyil, keyfiyyətdir. Odur ki, texnoloji baxımdan yaxşı təchiz olunmuş ordu ən güclü ordu hesab olunur".
"2-5 aprel müharibəsində biz bunu qarşı tərəfə sübut etdik. Ancaq buna baxmayaraq, hələ də çatışmazlıqlar mövcuddur. Hələ də kəmiyyətə daha çox diqqət ayrılır. Halbuki, 100 əsgərin işini görə bilən 1 ədəd müasir silah aparatları var. Bax bu keyfiyyətdir, buna diqqət ayırmaq lazımdır. Bu zaman can itkisi də azalacaq", — ekspert vurğulayıb.