BAKI, 8 may-Sputnik. Rusiya Federasiyasınını prezidenti Vladimir Putin faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyeva təbrik edib.
Sputnik-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidentinin təbrik məktubunda deyilir ki, Qələbə Günü hər zaman qanlı döyüşlərdə vətəni müdafiə və dünyanı faşizmdən xilas edən xalqların qəhrəmanlığının və birliyinin simvolu olaraq qalacaq müqəddəs bayramdır.
Vladimir Putin keçmişdəki faciəvi hadisələrin təkrarlanmasının və ümumi tarixə yenidən baxılmasının yolverilməz olduğunu xüsusilə qeyd edib.
"Bizim ümumi borcumuz Böyük Vətən Müharibəsində həlak olanların parlaq xatirəsini qorumaq, hazırda yaşamaqda olan veteranlara hər cür qayğı göstərməkdir." — deyən Rusiyanın dövlət başçısı əmin olduğunu bildirib ki, artıq sınaqdan çıxmış dostluq və qardaşlığın davam etdirilməsi uğrunda birgə mübarizə irəlidə dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına xidmət edəcək.
Vladimir Putin bütün müharibə veteranlarına səmimi minnətdarlığını ifadə edib.