BAKI, 3 may — Sputnik. "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq".
Sputnik xəbər verir ki, bunu, Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalara münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir. Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir", — deyə XİN sözçüsü bəyan edib.