BAKI, 30 apr — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub. Bu barədə Sputnik Müdafiə nazirliyinin saytına istinadən məlumat verir.
Belə ki, Ermənistan Respublikası İcevan, Noyemberyan, Berd və Krasnoselsk rayonu ərazisindəki mövqelərdən Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Həmçinin Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Sarıcalı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 128 dəfə atəş zərbəsi endirib.