BAKI, 26 apr – Sputnik. “Biz Dağlıq Qarabağdakı şəhərlərlə Fransanın bir çox şəhərləri arasında güclü əlaqələr və yaxınlaşma olduğunu bilirik və bunu dəstəkləyirik”.
Bunu Azərbaycanda səfərdə olan Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir deyib.
BMT-nin VII Qlobal forumunda iştirak etmək üçün Bakıda olan nazir, paytaxtdakı Fransız liseyinə də baş çəkib. Liseylə tanış olduqdan sonra jurnalistlər qarşısında çıxış edən Harlem Desir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə edib.
Fransanın bölgədə sülh arzuladığını bildirən H.Desir, münaqişənin qızışmasının heç kimə sərf etmədiyini qeyd edib:
“Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması təhlükəsi böyükdür. Yeni bir hərbi münaqişənin yaranması əlavə əzablara səbəb olacaq. Hər il, hər ay Qarabağda itkilər olur. Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ABŞ və Rusiya ilə birlikdə uzunmüddətli həll yolu tapmaq istəyir. Biz Madrid prinsiplərini tətbiq etmək istəyirik ki, bu da uzunmüddətli həll yoluna gətirib çıxaracaq. Əsas odur ki, gücdən istifadə etməmək, sülh yolu ilə münaqişəni həll etmək lazımdır”.
Jurnalistin, Dağlıq Qarabağda erməni işğalı altında olan şəhərlərlə Fransanın bəzi şəhərlərinin əməkdaşlıq etdiyini xatırlatmasına münasibət bildirən Harlem Desirin işlətdiyi kəlimələr zalda əyləşən hər kəsi şoka salıb. Fransalı nazir deyib ki, həmin əlaqələrdən hökumətin xəbəri var və bunu normal qarşılayır.
“Biz Dağlıq Qarabağdakı şəhərlərlə Fransanın bir çox şəhərləri arasında güclü əlaqələr və yaxınlaşma olduğunu bilirik və bunu dəstəkləyirik. Əksinə bu pis hal deyil. Ancaq onu da xatırlatmaq istəyirəm ki, başqa bölgələrdəki şəhərlərlə əlaqə qurmaq səlahiyyəti həmin şəhərin rəhbərliyinin öz işidir. Bunun dövlətə heç bir aidiyyatı yoxdur” — deyə, fransalı nazir əlavə edib.
H. Desir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi donmuş münaqişə deyil: “Silahlar susmalıdır, hər iki tərəf sülh sazişinə hazır olmalıdır. Fransa bütün qüvvəsini bu istiqamətdə səfərbər edəcək”.