BAKI, 16 apr — Sputnik. Aprelin 16-na keçən gecə qoşunların təmas xəttində tapılan meyitin Azərbaycan hərbçisi olduğu təsdiqlənib.
Bu barədə Sputnik-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, erməni tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb: “Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu — kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.