BAKI, 14 aprel-Sputnik. Türkiyə heç bir xəbərdarlıq etmədən Sputnik Türkiyənin bu ölkədə yayımına məhdudiyyət qoyub.
Bu barədə Sputnik Türkiyənin baş redaktoru Tural Kərimov məlumat verib.
Məlumata görə, Türkiyənin Telekommunikasiya Əlaqə Nazirliyi (TİB), Sputnik-ə girişi əngəlləyib. Bu barədə qərar "sputniknews.com" ünvanına göndərilib.
İstifadəçilərə 31 dildə yayılan hər hansı bir Sputnik sisteminə Türkiyədən girişə məhdudiyyət qoyulub.
Sputnik agentliyinin saytına daxil olmaq istəyən oxucular bu yazı ilə qarşılaşıblar: "5651 Saylı qanuna əsasən aparılan texniki araşdırma və hüquqi qiymətləndirmə nəticəsində sputniknews.com haqqında Telekommunikasiya Əlaqə Nazirliyinin 14/04/2016 tarixli və 490.05.01.2016.-56092 saylı qərarına istinadən TİB tərəfindən inzibati tədbirlər görülməkdədir." Amma inzibati tədbirlərlə bağlı Sputnik-ə hər hansı xəbərdarlıq edilməyib.
TİB- in inzibati tədbirlərlə bağlı qərarı sosial mediada böyük etirazla qarşılanıb. Lakin Türkiyə hökumətinə yaxın şəxslər və media bu qərardan məmnun olduqlarını ifadə ediblər.
Rusiyaya aid Su-24 döyüş təyyarəsinin vurulmasından sonra gərginləşən Türkiyə-Rusiya əlaqələri Sputnik-i Türkiyə iqtidarına yaxın olan medianın hədəfinə çevirmişdi. "Yeni Şafak" qəzetinin təsisçisi İbrahim Karagül, bir müddət əvvəl Sputnik-lə bağlı "daxildəki işğalçılar" ifadəsini işlətmişdi.