BAKI, 14 apr — Sputnik. Rusiya prezidenti Vladimir Putin canlı yayın zamanı "Panama arxivi" ("Panama Papers") barədə araşdırmanın müəlliflərinin səhvə yol verdiklərini deyib. O, bildirib ki, hərdən ona elə gəlir ki, bu məlumatları jurnalistlər yox, hüquqşünaslar yazır.
Belə məqalələrdə kiminsə ünvanına birbaşa ittihamın irəli sürülmədiyini vurğulayan Putin, yaxın dostunun nəzərdə tutulduğu sənəd barədə deyib: "Rusiyada çox şeyi təsəvvür eləmək olar, amma rüşvətin skripka və violençellə verilməsi faktını xatırlamıram".
O bildirib ki, "Panama arxivi"ndə adı çəkilən musiqiçi, yaxın dostu Sergey Roldugin pulunu xeyriyyə işlərinə və Rusiyaya çoxlu xüsusi musiqi alətlərinin gətirilməsinə xərcləyən adamdır: "Biz seçkilərə yaxınlaşdıqca (2018-ci ildə Rusiyada prezident seçkiləri olacaq), belə sənədləri daha çox görəcəyik. "Qaydalara riayət etməyi" rədd edən ölkələr həmişə belə hədəfə götürülür".
Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu Panama ofşorları barədə material dərc edib. Həmin materiallarda bir çox dövlət başçıları, eləcə də Vladimir Putinə yaxın olan şəxslərin şəxsi hesabları barədə iddialar yer alıb. Burada Rusiya Prezidentinin uşaqlıq dostu, virtuoz musiqiçi Sergey Roldugin və "Rusiya" bankının səhmdarlarından olan Yuri Kovalçukun da adları yer alıb.