Hikmət Orhun
BAKI, 11 apr — Sputnik. Cəbhə bölgəsində baş verən ağır döyüşlər zamanı silahlı qüvvələrimizin şəhid olan iki zabiti — baş leytinant Namazov Elvin Məmməd oğlu və kapitan Orucov Mühit Qurban oğlu aprelin 9-da himnin müşayəti ilə Qazax rayonunda doğulduqları kənddə torpağa tapşırılıb. Dəfn zamanı havaya yaylım atəşi açılıb.
Şəhid xəbərinə yığılan insan izdihamı "Şəhidlər ölməz, vətən bölünməz" şüarları ilə öncə Yuxarı Salahlıda Elvin Namazovun, sonra isə Fərəhli kəndində Mühit Orucovun dəfn mərasimində iştirak edib, vətən uğrunda canından keçən şəhidlərin doğmalarının dərdinə şərik olublar. Dəfndə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb.
Namazov Elvinin atası Məmməd Namazov şəhid oğlu ilə fərx etdiyini deyib: "O, vətənin müdafiəsi uğrunda şəhid olub. Ölümündən qabaq zəng etmişdi ki, bir zirvə var, oranı fəth edib qayıdacağıq. Demək, şəhidlik zirvəsi imiş o zirvə. Bizim boynumuza düşən bütün şəhidlərimizə Allahdan rəhmət diləməkdir. Vətən sağ olsun!"
Eyni sözləri Mühit Orucovun atası Qurban Orucov da deyib: "Şəhidllik elə bir zirvədir, hər kəs ora yüksələ bilmir. Mənim oğlum vətən uğrunda şəhid olub, fərx edirəm".
Qeyd edək ki, Qazax rayonu son döyüşlərdə üç şəhid verib. İlk şəhid Əliyev Orxan Məhəmməd oğlu aprelin 2-də doğulduğu Astanbəyli kəndində torpağa tapşırılıb.