Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 7 apr — Sputnik. Azərbaycan daha bir şəhid övladını torpağa tapşırdı. Düşmən təxribatının qarşısını alarkən həyatını itirmiş daha bir cəsur azərbaycanlı son mənzilə yola salındı. Uğuruna canlar fəda edilən bu torpaq daha bir oğlunu qoynuna aldı.
1997-ci ildə Lənkəran rayonunun Cil kəndində doğulan İslamov Əlizaman Fərrux oğlu ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdı. Evin tək oğludur. Atası haqqın rəhmətinə qovuşan Əlizamin 6 ay idi Vətənin keşiyində dayanırdı və bu Vətən onu son mənzilə şəhid adına layiq şəkildə yola saldı.
Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan Əlizamin İslamovun nəşini rayon sakinləri əllərində Azərbaycan bayraqları və böyük izdihamla qarşılayıblar. Dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları, doğmaları və rayon sakinləri iştirak edirdilər.
Dəfndə şəhidin şərəfinə havaya 3 dəfə yayılım atəşi açılıb və ruhuna dualar oxunub. Allah rəhmət eləsin!