BAKI, 6 aprel-Sputnik. Erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır.
Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu cür məlumatların yayılması təlaş içində yaşayan erməni xalqını və mənəvi düşgünlüyə məruz qalmış, döyüş qabiliyyətini itirmiş düşmən ordusunun döyüşmək istəməyən əsgərlərini cüzi də olsa ruhlandırmaq məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən uğursuz və saxta fəaliyyətin nəticəsidir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrimizin cavab tədbirləri daha sərt olacaqdır.