BAKI, 6 apr — Sputnik. Nyu York Azərbaycan Assosiasiyası son günlər Ermənistanın həyata keçirdiyi hərbi təxribatlarla bağlı ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayıb. Surəti Sputnik-ə göndərilən məktubda ABŞ Prezidentinə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlərin həlak olması barədə məlumat verilib.
"Cənubi Qafqaz regionundakı dövlətlər sülh şəraitində yaşadığı halda Ermənistanın bu ərazidə yaratdığı münaqişə bütün region dövlətləri üçün böyük təhdid yaradır. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan ərazisinin 20 faizinin işğal altında qalmasına və bir milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşməsinə səbəb olub", —deyə məktubda vurğulanıb.
Həmçinin bildirilib ki, BMT tərəfindən qəbul edilmiş dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı tələb edilsə də işğalçı ölkə silahlı qüvvələrini zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarmır.
"Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə baxmayaraq, Ermənistan hələ də öz öhdəliklərini yerinə yetirmir. Amerikada yaşayan azərbaycanlılar adından Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş ərazilərinə təcavüzünü və apardığı hərbi əməliyyatları qətiyyətlə pisləyirik", —deyə məktubda qeyd olunub.
Məktubda Birləşmiş Ştatların Prezidentinə bildirilib ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və Amerika azərbaycanlıları inanır ki, ABŞ Ermənistan dövlətinin təcavüzkar siyasətini davam etdirməsinə laqeyd qalmayacaq.