BAKI, 6 apr — Sputnik. Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.
Sputnik xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb. Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur. Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır.
Qeyd edək ki, aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib. Görüşdə tərəflər Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər.