BAKI, 6 aprel — Sputnik. "Aslan Neferler Tim" adlı milliyətçi türk hakerlər (hacker) qrupu, Ermənistanın Müdafiə Nazirliyinin, Erməni Silahlı Qüvvələrinin Baş Qərargahının, Enerji, Kənd Təsərrüfatı nazirlikləri və digər hökümət qurumlarının saytlarına kiber (cyber) hücumlar təşkil edib.
Sputnik-in məlumatına görə, daha əvvəl Türkiyədə HDP və ODTÜ-yə, xaricdə isə Hollandiyanın radikal sağ mövqeli siyasətçisi Girt Vildersin (Geert Wilders) şəxsi səhifəsinə, Belçikanın dövlət saytlarına hücum təşkil edən "Aslan Neferler Tim", son günlər Ermənistanla Azərbaycanın təmas xəttində — Qarabağda baş verən silahlı toqquşmalarla bağlı Azərbaycan hökumətinə dəstək məqsədilə erməni saytlarını hədəfə alıb.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının, həmçinin bir sıra nazirliklər və dövlət qurumlarının saytlarını iflic edən qrup Ermənistana qarşı kiberhücumlarını davam etdirəcəklərini bildirib. Qrup bununla yanaşı bəyan edib ki, onları bu addımı atmağa heç kəs sövq eləmir, özləri bunu Azərbaycanın ərazi bütövlüyünün bərqərar edilməsi yolunda vicdan borcu hesab edirlər: "Biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərqərar edilməsi yolunda vicdan borcumuz hesab edirik. Ermənistan Azərbaycan ərazilərinin işğalını dayandırmayana qədər, onların virtual məkanını da biz işğal etməkdə davam edəcəyik".