BAKI, 6 apr — Sputnik. Bu gün Qazax rayonunda yerli əhali orduya dəstək aksiyası keçirib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, əsgərə dəstək nümayiş etdirən rayon sakinləri — sıravi vətəndaşlar, keçmiş döyüşçülər, tələbələr, rayon rəhbərliyinin nümayəndələri rayon mərkəzində yürüş keçiriblər.
"Gördüyünüz kimi, aksiyaya Qarabağ və Əfqanıstan müharibəsi veteranları, eyni zamanda şəhərin özündən və kəndlərdən gələn çoxlu sayda vətənpərvər insanımız qatılıb. Bizim məqsədimiz ordumuzdakı ruh yüksəkliyinin qorunub saxlanmasına, əhalimizdə qələbə əzminin yaşamasına dəstək vermək, habelə hər zaman Ali Baş Komandanın əmrinə hazır olduğumuzu sübut etməkdir. Biz bu əmri gözləyirik".
Bunu Sputnik-ə aksiyada iştirak edən, ehtiyatda olan baş leytenant, 4 ay qabaq Qarabağ cəbhəsindəki atışmada yaralanan Kamil Musavi deyib. O, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qazaxda da insanların ruh yüksəkliyi içərisində olduqlarını, ordumuza güvəndiklərini və könüllü əsgər olmağa hazır olduqlarını qeyd edib.
Bir neçə saat davam edən aksiyada, müxtəlif səpkili orduya dəstək şüarları səsləndirilib. İştirakçılar yekdilliklə döyüşə hazır olduqlarını və hər zaman əsgərimizə dəstək olacaqlarını bəyan ediblər.