Bakı, 5 aprel — Sputnik. Bir neçə saat əvvəl Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan öz Facebook səhifəsində "Smerç" sisteminin partlamamış mərmisinin şəklini yayıb. Ovannisyan bildirib ki, Azərbaycan bu qorxunc silahdan artıq istifadə edir və bu şəkil də bunun sübutudur.
Bir müddət sonra Artak Paytyan adlı erməni də bu şəkli öz Facebook səhifəsində dərc edərək yazıb: "Azərbaycanın hərbi texnikası qəza vəziyyətindədir, mərmilərin çoxu partlamır, bəzi pilotsuz təyyarələr hədəfə çatmadan düşürlər".
Lakin bu erməni yalanının üstü gözlənilməz istiqamətdən açılıb. Facebook istifadəçisi Saqo Yeghiazaryan Paytyanın paylaşmasının altında qoyduğu şərhlə onu və Ovannisyanı ifşa edib.
Məlum olub ki, bu "Smerç" mərmisi heç də Azərbaycan tərəfindən atılmayıb.
Şəkil Rusiyanın "Krestyanin" internet portalından götürülüb. Bir il əvvəl dərc olunmuş bu şəkildəki "Smerç" Rostov vilayətində Tarasov rayonunda fermerin həyətinə düşübmüş və onu Ukrayna tərəfi atıbmış.
Beləliklə, Ovannisyanın yalanı ifşa olunub. Bu adam deyəsən internetin mövcudluğunu və imkanlarını unudub. 90-cı illərin əvvəllərində belə yalanları sırımaq olurdu. İndi isə keçmir. Yalanlarını elə öz erməniləri ifşa edirlər.