BAKI, 5 apr — Sputnik. "Vətənimizə olan təcavüzün qarşısı qətiyyətlə alınmalıdır. Biz düşmənə layiqli cavab verən cəsarətli ordumuzun uğurlarını dəstəkləyir, ordumuzla bir yerdə olduğumuzu bəyan edirik".
Sputnik xəbər verir ki, belə bəyanatla Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon şöbəsi və Qazax Rayon Könüllü Döyüşçülər Birliyi çıxış edib. Hazırda cəbhə bölgəsində gedən döyüşlərdə ordumuzun böyük uğurlar qazanmasının sevincini yaşadıqlarını deyən bəyanat müəllifləri, Ali Baş Komandan əmr verəcəyi halda, döyüşə atılacaqlarını bildirirlər.
"Ordumuzun döyüş əzmini artırmaq məqsədilə əsgər və zabitlərimizlə bir sırada olaraq, onlarla çiyin-çiyinə düşmənə qarşı döyüşmək istəyirik. Bunun üçün Ali Baş Komandanımızın göstərişini gözləyirik", —deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon filialının sədri Nüsrət Aşurov, Qazax Rayon Könüllü Döyüşçülər Birliyinin sədri isə İbrahim Qurbanovdur.