BAKI, 4 apr — Sputnik. "Rusiyada xüsusilə hakimiyyətə yaxın mətbuat orqanlarında təmas xəttində gərginliklə bağlı birtərəfli, anti-Azərbaycan mövqeyinin təbliğ olunmasının yumşaq dildə desək, mənasını anlamırıq".
Bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov səsləndirib. O deyib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır.
"Digər tərəfdən Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan anti-Azərbaycan mövqeyini başa düşmək mümkün deyil", — Baş nazirin müavini bildirib.
Ə. Əhmədovun sözlərinə görə, vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır: "Heç olmasa münaqişə tərəflərindən birinə xüsusi münasibət göstərməkdən çəkinməlidir. Amma bəzi hallarda biz bunun əksini görürük".