BAKI, 3 apr – Sputnik. Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradova son günlər cəbhədə yaşanan gərginliyi Sputnik üçün şərh edib.
Dünya birliyinin Qarabağ münaqişəsinə yanaşma tərzini ikiüzlü adlandıran Muradova, söz sahibi qurumların təcavüzkar Ermənistana güldən ağır söz söyləmədiyini bildirib:
“Baxın, neçə illərdir ərazi işğal altındadır. Hətta döyüşlər ilk başlayanda, Azərbaycan torpaqları bir-birinin ardınca işğal olunanda dünya qurumları Ermənistana “döyüşü dayandırın”, “qətiyyən buna yol vermək olmaz” kimi qəti çağırışlar etmirdi. Amma öz ərazində sənə yönəlmiş hücumları dəf etmək üçün çalışırsansa bunu dərhal dayandırmağı tövsiyə edirlər”.
Bahar Muradova daha sonra əlavə edib:
“Bugünlər BMT-nin baş katibindən tutmuş, bütün qurumların rəhbərlərinə kimi, hər kəs ancaq atəşi dayandırmağı, bu məsələnin hərbi yolla həllinin mümkün olmadığını bizə təlqin etməyə çalışır. Baxmayaraq ki, bizim ərazimiz hərb yolu ilə alınıb və bu yolla işğal altında saxlanılır. Deməli bu mümkündür. Amma özgə torpağını hərb yolu ilə almaq, təcavüz altında saxlamaq, bütünlüklə dağıtmaq, mənimsəmək, əhalini soyqırıma məruz qoymaq, etnik təmizləmə həyata keçirmək bir çox qurumlara görə mümkündür, bunlara dözümlü yanaşmaq olar”.
Vitse-spiker Dağlıq Qarabağ münaqişəsində beynəlxalq güclərin öz maraqlarını güddüyünü deyib:
“Mən təmas xəttinə yaxın olan ərazini təmsil etdiyim üçün bütün proseslərdən məlumatım var. Həm də ATƏT Parlament Assambleyasında uzun illərdir fəaliyyətim zamanı bu məsələlərlə yaxından maraqlanmışam. Müxtəlif rəsmilərin müxtəlif zamanlarda mövqelərini şəxsən özüm soruşmuşam və özüm dinləmişəm. Ona görə, hətta bugünki vəziyyət belə kifayət edir söyləyək ki, bu məsələyə münasibətdə bir çox dairələr, beynəlxalq güclər öz maraqlarını güdürlər. Ermənistana “təcavüzü dayandır”, “Azərbaycan ərazilərindən çıx”, “BMT-nin qətnamələrini yerinə yetir”, “Özgə torpağını işğal altında saxlama” kimi ifadələr indiyə kimi səslənməyib”.
Bahar Muradova Qarabağdakı gərginlik fonunda Rusiyanın açıq tərəf tutma ehtimalını da dəyərləndirib.
Vitse-spiker rəsmi Kremlin bu məsələdə tərəf tutacağına inanmadığını deyib:
“Baxmayaraq ki, Rusiya proseslərin içində müəyyən rola malikdir, ancaq indiyə kimi açıq tərəf tutma mövqeyini qəti şəkildə ortaya qoymayıb. Təcavüzkarı açıq şəkildə dəstəkləmək heç bir ölkəyə başucalığı gətirmir. Üstəlik əgər həmin dövlət Minsk qrupunun həmsədridirsə. Qonşu ölkə kimi, bizim Rusiya ilə münasibətlərimiz, əlaqələrimiz var. Biz bugün də Rusiya ilə əlaqələrin qorunub saxlanmasında, inkişaf etməsində maraqlıyıq və fəaliyyətimiz, atdığımız addımlar, yeritdiyimiz siyasət də bunu sübut edir. Ona görə də mən düşünmürəm ki, açıq tərəf tutmaq Rusiyaya xeyir və mənfəət gətirsin”.