BAKI, 3 apr — Sputnik. “Ermənistanın bu hərəkətlərinin səbəbi mənim üçün sirr deyil. Dəfələrlə həm Azərbaycan ictimaiytəinə, həm bu məsələlərlə bağlı vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim”.
Sputnik-in AZƏRTAC-a istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Təhlükəsizlik Şurasının iclasında söyləyib.
Dövlət başçısı deyib ki, Ermənistan sülh, işğal etdiyi torpaqlardan çəkilmək istəmir: “Ermənistan bütün səylərini ona yönəldib ki, maksimum status-kvonu saxlaya bilsin. Bunun kifayət qədər çox sübutları var. Danışıqlar prosesi 20 ildən çoxdur ki, aparılır. Bu 20 il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atır, daim təmas xəttində Ermənistan tərəfdən gərginlik yaradılır. Eyni zamanda keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan anlaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.
2014-cü ildə Fransa prezidenti Fransua Olland Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmişdi və görüş çox konstruktiv şəraitdə keçmişdi. Görüşün nəticəsi ümidverici idi. Görüşdə eyni zamanda təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi barədə danışırdıq. Ancaq o görüşdən 2 həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda, Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 48 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Xüsusilə Parisdə uğurlu sayılan görüşdən sonra bunun nə mənası vardı?! Bir neçə gün Azərbaycan özünü çox təmkinli apardı, mən də göstəriş vermişdim ki, təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmış, mövqelərimizə hücum çəkmişdi, hərbi helikopterləri işə salmışdı.
Azərbaycan ordusu da hərbi helikopterlərdən birini məhv etmişdi. Bu, Ermənistana lazım idi. Ermənistana lazım idi ki, desinlər, Azərbaycan atəşkəsi pozur, özünü aqressiv aparır. Son təxribat da eyni məzmunludur. Yenə də mövqelərimizə hücum çəkirlər, əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra da Azərbaycan ordusu onların başını əzir. İndi isə dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, sadəcə, təxribata layiqli cavab vermişik”.
Prezident İlham Əliyev bildirib ki, nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan ordusu bundan sonra da onları cəzalandıracaq.