BAKI, 2 aprel-Sputnik. Ermənilər öz itkilərini pərdələmək üçün hər növ saxtakarlığa əl atırlar
Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən Sputnik-ə daxil olan məlumata görə, bu fikirləri MN-nin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Gün ərzində erməni mətbuatının yaydığı məlumatların yalan olduğunu, saxtakarlığa yol verildiyini, real vəziyyəti və həqiqəti əks etdirmədiyini vurğulayan V.Dərgahlı deyib:
"Ermənilərin internet saytlarında yaydığı həlak olmuş Azərbaycan əsgərlərinin meyitlərinin və vurulmuş pilotsuz uçuş aparatının (PUA) görüntüsü saxtadır.
Həmin videoların erməni tərəfinin öz itkilərini pərdələmək üçün növbəti saxtakarlığı olduğunu videokadrlardan görmək olar.
Videoda göstərilən həlak olmuş əsgərlər yay geyimindədir. Hazırda Azərbaycan Ordusunun şəxsi heyəti qış geyimindədir və ərazidə hava şəraiti yay geyimində gəzməyə imkan vermir.
Videoda göstərilən PUA isə Azərbaycan Silahlı Qüvvələrinin balansında mövcud deyil. Azərbaycan Ordusunda bu PUA modeli yoxdur. Bu video erməni tərəfinin növbəti saxtakarlığıdır."