BAKI, 2 aprel-Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağ cəbhəsində baş verənlərə münasibət bildirib.
"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, aprelin 2-nə gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib. Cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin sıx yaşadığı məntəqələr Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz əməllərin nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar və şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında məlumatlar var." — deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev təmas xəttində yaranmış gərginliyə münasibət bildirərkən Report-a deyib.
O qeyd edib ki, beynəlxalq humanitar hüquqa uyğun olaraq, üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, Ermənistan tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılmalıdır. H.Hacıyev həmçinin deyib: "Təcavüzkar və işğalçı dövlət kimi, yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874(1993) və 884(1993) saylı qətnamələrində Ermənistan qoşunlarının tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, vəziyyətin qəsdən gərginləşdirilməsi və mülki insanların hədəfə alınmasına yönələn təxribatçı əməllər davam etdirilir."
"Münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq ictimaiyyət qəti şəkildə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi İrəvandan tələb etməlidir." — H.Hacıyev əlavə edib.