Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 29 mart — Sputnik. Martın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonu istiqamətində dövlət sərhədini pozaraq ərazilərimizə soxulmağa cəhd ediblər. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə, bu istiqamətdə yerləşən hərbçilərimizin sayıqlığı nəticəsində düşmənin təxribatının qabaqcadan aşkar edilib və qarşısı alınması istiqamətində müvafiq tədbirlər görülüb.
Çox sayda itkilərə məruz qalan işğalçı ordunun əsgərləri geri çəkilməyə məcbur edilib. Düşmənlə baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin zabiti Leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.
Müdafiə naziri Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhid Leytenant Zülfüqarlı Qalib Laim oğlu dünən doğulduğu Lənkəran Rayon Vilvan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində kənd sakinləri, şəhidin doğmaları, xidmət etdiyi hərbi hissənin zabit və əsgər heyəti və rayon rəsmiləri iştirak ediblər. Mərasimdə şəhidin şərəfinə havaya 3 dəfə yayılım atəşi açılıb və ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!