BAKI, 12 mart — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.
Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy, Tərtər, Ağdam, Xocavənd Füzuli, Cəbrayıl, həmçinin Göygöl rayonları ərazisindəki mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.