BAKI, 23 fev-Sputnik. Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Azərbaycanın Rusiyada turizm nümayəndəliyi fəaliyyətə başlayacaq.
Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi ilə Moskva şəhərində fəaliyyət göstərən "Tur A Vent" şirkəti arasında müqavilə imzalanıb.
Müqaviləyə uyğun olaraq, şirkət tərəfindən 2017-ci ilin fevral ayınadək Marketinq planı hazırlanıb və Nazirlik tərəfindən təsdiq edilib.
"Bu nümayəndəliyin fəaliyyəti nəticəsində Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, prioritet ölkələrdən hesab olunan Rusiyada təbliğat işinin gücləndirilməsi olduqca vacibdir və nümayəndəliyin əsas fəaliyyəti bundan ibarət olacaqdır." — mətbuat xidmətinin məlumatında bildirilir.
Burada həmçinin qeyd olunur ki, 2016-cı il 24 fevral tarixində Moskva şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndə heyəti ilə yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyada yaşayan Azərbaycan diasporunun fəalları, Azərbaycan və Rusiya turizm şirkətləri və mehmanxanalarının, həmçinin hər iki ölkənin KİV nümayəndələrinin iştirakı planlaşdırılır.
Qeyd etmək istərdik ki, tədbirdə Azərbaycanın qış turizmi, sağlamlıq turizmi, mətbəx turizmi, mədəni turizm, ovçuluq turizmi və s. turizm növlərinin təqdimatı keçiriləcək.
Artıq bir neçə ildir ki, BƏƏ-də və Almaniyada Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.