BAKI, 9 fev — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 119 dəfə pozub.
Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan, Berd, Krasnoselsk rayonlarında yerləşən mövqelərdən Qazax, Tovuz və Gədəbəy rayonu ərazisindəki mövqelərimiz atəşə tutulub.
Həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonlarının işğal olunmuş ərazilərindən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.