Fevralın 4-də Londonda keçirilən Suriya konfransında Davudoğlu bildirib ki, bu ölkədə humanitar böhranın ilk səbəbi Suriya rejimi tərəfindən törədilən hərbi cinayətlər və "İslam Dövləti" qrupudur. Onun sözlərinə görə, Əsəd rejiminə kömək edənlər də eyni cinayət işlədirlər.
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, bu gərginlik böyük müharibəyə səbəb olmayacaq. "Rusiya artıq Suriyada ən müasir hərbi aviasiya təyyarələrindən istifadə edir. Amma söhbət böyük müharibədən deyil, lokal qarşıdurmadan gedir. Çünki Rusiyanın daxilindəki vəziyyət bunu tələb edir — bu gün Putin hökümətinə xarici düşmən faktoru lazımdır. Böyük müharibənin olacağını mən düşünmürəm. Çünki Rusiyanın NATO-ya qarşı döyüşmək potensiyalı yoxdur", —deyə politoloq Sputnik-ə bildirib.
Gərginliyin Azərbaycana təsirinə gəldikdə isə, ekspert qeyd edib ki, Azərbaycan bu iki dövlət arasında seçim etməli ola bilər.
Politoloq Sülhəddin Əkbər də Sputnik-ə açıqlamasında deyir ki, bu gərginlik Azərbaycana və ümumiyyətlə reiona yaxşı heç nə vəd etmir: "Təbii ki, bu gərginlik regiona yaxşı heç nə vəd etmir. Rusiyanın Suriyaya müdaxiləsi Türkiyəni çox ciddi narahat edir. Çünki Rusiyanın hər bombardmanı, eyni zamanda qaçqınlar ordusunun yaranmasına, Türkiyəyə minlərlə yeni qaçqının gəlməsinə səbəb olur".
"Hazırda 70 minə yaxın qaçqın yenidən Türkiyəyə doğru irəliləyir, bu da Türkiyəni ciddi narahat edir. Rusiya Suriyada dirəndikcə, təbii ki, Rusiya-Türkiyə və Rusiya-NATO münasibətləri gərgin qalmaqda davam edəcək", —deyə S. Əkbır bildirib.
Onun sözlərinə görə, gərginliyin artması Türkiyəni də ciddi narahat edir, o cümlədən, Azərbaycana da təsirsiz ötüşmür: "O baxımdan, bu gərginliyin bir an öncə ortadan qaldırılması lazımdır".
Qeyd edək ki, Suriya müharibəsində Rusiya və İran Bəşər Əsədin, ABŞ və onun müttəfiqləri isə Əsədə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.