Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Mən 146 milyon əhalisi olan Rusiya Federasiyasının lideriyəm"

Abunə olmaq
Vladimir Putin: Özümü bu gün də gənc hesab edirəm.

BAKI, 11 yan-Sputnik. Almaniyanın Bild qəzetinə müsahibə verən Rusiya prezidenti Vladimir Putin Avropadakı parçalanmanın mənbəyinin sükunət olduğunu söyləyib. Berlin divarının yıxılmasından sonra Avropanın münaqişələrin qarşısını kəsmək üçün heç bir şey etmədiyi vurğulayan Putin “o dövrdə öz xeyrini, zərərini anlaya bilsəydi, dünya daha sabit vəziyyətdə olardı” — deyə bildirib. 

Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniyanın Bild qəzetinin NATO və Avropa Birliyinin Rusiyaya qarşı addımları, Almaniya ilə münasibətlər və Krımda baş verənlərə qədər geniş mövzulardakı suallarını cavablandırıb. 

Berlin divarının yıxılmasının və SSRİ-nin dağılmasının Avropanı birləşdirmədiyini, sadəcə bölücü sərhədlərin Şərqə doğru genişlənməsinə yol açdığını vurğulayan Putin deyib:  “Moskva nə vaxt müstəqil bir hərəkət nümayiş etdirsə, milli mənafelərini müdafiə etsə, Qərb Rusiyanı düşmən elan edir.” 

Putin lap əvvəldən hər şeyin səhv edildiyini deyib: “Avropadakı parçalanmanın öhdəsindən gəlməyə çalışmadıq. 25 il əvvəl Berlin Divarı yıxıldı, amma Avropadakı bölünmənin qarşısı alınmadı.  Görünməz divarlar Şərqə doğru genişləndi. Bu da gələcəkdəki qarşılıqlı ittihamlar, yanlış anlamalar və böhranlar üçün zəmin hazırladı. Rusiya o illərdə milli mənafelərini açıq-aşkar elan edib onları fəal bir şəkildə qoruya bilməyərək böyük xətaya yol verdi. Milli mənafelərimizin arxasında durmağı bacarmadıq. Halbuki bunu lap əvvəldə etməli idik. Edə bilsəydik, dünya daha sabit bir yer olardı.

Digər tərəfdən bu, alman siyasətçilərin “soyuq müharibə” tərəfləri arasındakı gərginliyi azaltması, ikitərəfli beynəlxalq əlaqələr formatı və Avropadakı güç nisbətinin dəyişməsi ilə mümkün ola bilərdi. O dövrdə Avropa “siyasətinin atası” sayılan alman diplomat Eqon Karl-Heinz Bahr 26 iyul 1990-cı ildə belə deyib: “Almaniyanı birləşdirərkən Avropanın düşmən bloklara bölünməsini əngəlləyəcək ciddi addımlar atmasaq, inkişaf edən proseslər elə xoşagəlməz hal alacaq ki, SSRİ beynəlxalq izolyasiyaya məhkum ediləcək.” Bahra görə, Mərkəzi Avropanın hamısı – Şərqi Almaniya daxil olsa da, olmasa da, həm Sovetlər, həm də ABŞ-ın iştirakı ilə başqa bir birlik qurmalı idi.

Siyasi iradə və istək olsaydı, o dövrdə bunların hamısını əmələ gətirmək mümkün olardı. Avropanı həqiqi mənada birləşdirən bir ittifaq qurulmadı. Əksinə NATO Şərqə doğru genişlənərək verdiyi sözlərin heç birini yerinə yetirmədi. Onlar hökmranlıq etmək istədilər. Son 20-25 ildə, xüsusilə yerdəki ikinci qütbün mərkəzi — Sovetlər Birliyinin dağılmasından sonra, nüfuz, güc və rifahın mərkəzində təkcə bir qüvvənin olmasını istədilər. Beynəlxalq hüququn, ya da BMT-nin qərarlarının yerinə yetirilməsi istiqamətində heç bir istək yox idi. BMT nə vaxt əngəl olmağa çalışsa, o “dəbdən düşmüş” elan edildi.”

Dünyanın bu gün beynəlxalq terrordan insan alverinə və mühacir böhranına qədər bir çox məsələdə müştərək problemlərlə qarşı-qarşıya qaldığını vurğulayan Putin, bu problemlərin həlli yolunda bütün ölkələrin güclərini birləşdirməsindən məmnun olacağını qeyd edib. Lakin bunun başqalarının qərarlarına uyğun gəlib-gəlməyəcəyi məsələsində Rusiyanın söz verə bilmədiyinə işarə edən Putin deyib: “Kimlərsə bizim vəziyyətimizdən məmnun deyilsə, bizi hər dəfə düşmən elan etməkdən daha yaxşı bir yol tapmalıdırlar. Bizi dinləsələr, söylədiklərimizin üzərində baş sındırsalar və ortaq bir həll yolunun ardınca qaçsalar, daha yaxşı olmazdımı?”

Rusiya və Avropadakı qonşularının əlaqələrini inkişaf etdirə bilməsi üçün tək bir şərtin yerinə yetirilməsi lazım gəldiyini söyləyən Putin deyib: “Bir-birimizə, bir-birimizin mənafelərinə hörmətlə yanaşmalı, qaydaları bir-birimizin mənafelərinə uyğun vəziyyətə gətirmək əvəzinə bu qaydalara sadiq qalmalıyıq. Biz bunu etməyə hazırıq. Amma hər şeyin beynəlxalq hüquqa uyğun olması lazımdır.

Mən nə bir adamın dostuyam, nə gəliniyəm, nə də kürəkəniyəm.

Əsas məqsədim Rusiyanın  milli maraqlarını müdafiə etməkdir. Məndən dostumun olub-olmadığını soruşdunuz. Ölkələr arasındakı əlaqələr fərdlər arasındakı əlaqələrə bənzəməz. Mən nə bir adamın dostuyam, nə gəliniyəm, nə də kürəkəniyəm. Mən 146 milyon əhalisi olan Rusiya Federasiyasınını lideriyəm. Bu insanların hər birinin ayrı-ayrılıqda fərdi mənafeləri var və mən bu mənafelərin qorunmasını qarantiya altına almaq məcburiyyətindəyəm.”

Krımda beynəlxalq hüququn pozulmadığını və hər bir xalqın öz gələcəyini təyinetmə haqqına sahib olduğunu deyən Putin, Krımda keçirilən referendumdan əvvəl ora hərbi güc göndərmələrinin səbəblərini anladıb: "Biz nə döyüşdük, nə haranısa işğal elədik, nə də harasa bir güllə atdıq. Krımdakı hadisələrin nəticəsində bir nəfər belə ölmədi. Silahlardan, gücdən istifadə etməməyimizin səbəbi oradakı Ukrayna əsgərlərinin orada yaşayan insanların azad iradəsinə müdaxilə etməsini əngəlləmək idi."

Beynəlxalq ictimaiyyətin Krımın və krımlıların öz müqəddəratını təyinetmə hüququnu tanımamalarının səbəbini anlamadığını vurğulayan Putin, Kosova nümunəsini misal çəkib: "Kosova müstəqilliyini elan elədi və bütün dünya bunu qəbul etdi. Həm də bu, parlamentin qərarı ilə müəyyən edildi, orada referendum belə keçirmədilər."

Putin Merkellə bağlı fikrini belə ifadə edib: “Səmimi və professional biri olduğunu daha əvvəl də söyləmişdim. Nə olur olsun, düşünürəm ki, aramızdakı etimadın səviyyəsi çox yüksəkdir. Qərb mediasındakı Rusiya əleyhinə aparılan propoqanda Moskva və Berlin arasındakı əlaqələrə zərər vermir. Əlaqələrimizdə ən önəmli olan odur ki, xalqlarımız arasında qarşılıqlı müsbət münasibətlər var. Almaniya mediası böyük təsir altındadır. Xüsusilə okeanın o tayının təsiri altında.” 

Sanksiyalar başımıza gələn ən pis şey deyil

Putin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar barədə qərarı “ağılsızlıq və zərərli” qərar kimi qiymətləndirib: “Rusiya ilə Almaniya arasındakı ticarətin həcmi 83-85 milyard dollar səviyyəsindədir.  Almaniya ilə birlikdə işləməyimizin ortaq nəticəsi olaraq minlərlə iş yeri qurulub. İndi bu nə sanksiyalardır?  Bu bizim başımıza gələn ən pis şey deyil. Lakin iqtisadiyyatımızın xarici bazarlara açılması nöqteyi-nəzərindən zərərlidir.” 

Putin sərmayələrin dayandırılması üçün Minsk 2 sazişinin tətbiqinin şərt kimi göstərilməsinin “absurd” olduğunu söyləyib: “Sərmayələrdən danışdınız. Hamı Minsk sazişinin mütləq yerinə yetirilməsini, ancaq o  zaman sərmayələrin dayandırılması məsələsinin müzakirə edilə biləcəyini deyir. Mənə inanın, bu “absurd teatr”a dönür. Halbuki, Minsk Sazişinin tətbiqini vacib hesab edənlər hazırda Kiyevlə əlaqədədirlər. Kiyevin etməsi lazım gələn şeylər Moskvadan istənilməməlidir.” 

Putin bütün təzyiqlərə baxmayaraq, Rusiya iqtisadiyyatının getdikcə inkişaf edəcəyini və yüksələcəyini deyib: “İnanrırıq ki, iqtisadiyyatımız stabilləşəcək və yüksələcək. Rusiyanın ixrac məhsullarından asılılığını azaldacaq bir proqram hazırladıq. Bura Yüksək texnologiyalar sahəsindəki sərmayələr də daxildir. Hazırda ÜDM-da 3.8%, sənaye istehsalında 3.3%-lik azalma müşahidə olunur. İnflyasiyanın səviyyəsi isə 12.7%-ə yüksəldi. Bu yüksək rəqəmlərdir, ancaq arada xarici ticarətin həcmində tarazlıq yaranıb. İllərdən bəri ilk dəfə olaraq dəyəri yüksək olan malların ixracatı ciddi ölçüdə artıb. Bu, iqtisadiyyatımızda ciddi bir inkişafdır. Rusiya Mərkəzi Bankının da 340 milyard dollar dəyərində qızıl və valyuta rezervi var. Yanılmıramsa, 300 milyarddan yuxarıdır.” 

Putin “Bild” muxbirlərinin onun qlobal siyasətə baxışının bu gün 2000-ci illərlə müqayisədə fərqli olduğuna dair şərhlərinə də qarşı çıxıb. “Almaniyanın sabiq federal-kansleri Herhard Şröderin dostu gənc Putin” və “2007-ci ildən bəri tamamilə fərqli olan Putin” kimi iki fərqli Putin obrazının olduğunu önə sürən müxbirlərə cavabında Rusiya prezidenti deyib: “Mən heç bir zaman dəyişməmişəm. Əvvəla, özümü bu gün də gənc hesab edirəm. Şröderin dostu idim və indi də dostuyam. Heç bir şey dəyişməyib. İllər ərzində bir çox problemə, xüsusilə də terrorla mübarizəyə baxışım dəyişməyib”.

Xəbər lenti
0