BAKI, 6 yan-Sputnik. Şimali Koreyanın bu gün səhər ilk dəfə hidrogen bombasını sınaqdan keçirməsi ilə bağlı verdiyi açıqlamaya Rusiya da ciddi təpki göstərib. Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Şimali Koreyanın həmləsinin beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qərarlarının əleyhinə olduğunu, Kremlin, Rusiya prezidenti Vladimir Putinin mütəxəssisələrə məsələ ilə bağlı araşdırmalar üçün təlimat verdiyini açıqlayıb.
Mariya Zaxarova deyib ki, Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi ilə bağlı xəbərlər təsdiqlənsə, bu, Pxenyanın nüvə silahlarını artırma yolunda atdığı yeni bir addım mənasını daşıyır. Bu da beynəlxalq hüquq və BMT TŞ-nin qərarının kobud şəkildə pozulması deməkdir.
"İstər sınaqdan keçirilmiş olsun, ya da olmasın, yüksək hərbi və siyasi cəbhələşmə potensialını reallaşdıra biləcək hər hansı davranış Koreya yarımadasındakı gərginliyi ciddi surətdə artıra bilər" — deyən Zaxarova tərəflərə səbrli olmağı tövsiyə edib. "Bu mərhələdə bütün maraqlı tərəfləri ən yüksək səviyyədə təmkinli olmağa və Asiyanın cənub-şərqində nəzarətdən kənarda qalacaq bir böhrana yol açacaq addımlardan qaçmağa çağırırıq. Altıtərəfli görüşlər çərçivəsində Koreya yarmadasındakı problemlərin aradan qaldırılmasında və regionda sülh və təhlükəsizliyin təmin olunması məsələsində etibarlı bir sistemin qurulması üçün sürətli bir şəkildə dialoq təşkil etməyin tərəfdarı olduğumuzu bir daha qeyd edirik."
Kremlin mətbuat katibi Dmitri Peskov da deyib ki, Şimali Koreyanın hidrogen bombasından istifadə etdiyinə dair xəbərlər Rusiyanı kifayət qədər narahat edir: "Pxenyanın hidrogen bombasını sınaqdan keçirdiyinə dair xəbərlər Moskvanı həddindən artıq narahat edir."
Peskov həmçinin bildirib ki, "Rusiya prezidenti Vladimir Putin, xəbərlər təsdiqlənəcəyi təqdirdə mütəxəssislərə məsələni araşdırmaları və seysmoloji stansiya ölçülərinin göstəriciləri də daxil olmaqla bütün stansiyalarındakı məlumatları diqqətli şəkildə təhlil etmək istiqamətində təlimat verib".
Digər tərəfdən Rusiya Federaiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev hidrogen bombasının sınaqdan keçirilməsinin BMT TŞ tərəfindən qəbul edilən Nüvə Sınaqlarının Qadağan Olunması üzrə Müqaviləyə (CTBT) zidd olduğunu və Rusiyanın təhlükəsizliyinə ciddi surətdə təsir edəcəyini deyib.
Rusiyanın bu addımı qulaqardına vurmayacağını qeyd edən Kosaçev, özünün Facebook səhifəsində verdiyi açıqlamada, "Şimali Koreyanın Rusiya ilə sərhəddi var. Pxenyanla Vladivostok şəhəri arasındakı məsafə 700 kilometrdən azdır. Bu səbəbdən Şimali Koreya Demokratik Xalq Respublikasının bu bölgədəki fəaliyyətləri Rusiyanın milli təhlükəsizliyinə ciddi şəkildə təsir göstərəcək" — deyib.
BMT TŞ-nın qərarlarının tətbiq olunması üçün Rusiyanın əlindən gəldiyini etdiyini vurğulayan Kosaçev, "ancaq müzakirə mövzusu "xırmanda yabalaşmaq" olduğunda, ikili standart tətbiq olunmamalıdır" deyə bildirib.
Digər tərəfdən Rusiyanın beynəlxalq təşkilatların Vyana ofisindəki daimi nümayəndəsi Vladimir Voronkov, Rusiyanın Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsini qınadığını və bunu beynəlxalq hüququn pozulması kimi qəbul etdiklərini bildirib.
Sputnik-ə açıqlama verən Voronkov "Rusiya bu cür sınaqları qınayır. Bu həm də beynəlxalq hüququ açıq-aydın pozmaq deməkdir" — deyib.
Bu arada Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç isə deyib: Hidrogen bombasının sınaqdan keçirilməsinə dair xəbərlər doğrudursa, bu, Koreya yarımadasındakı və bütün dünyadakı vəziyyəti ciddi mənada ağırlaşdıracaq. Bütün dünya BMT TŞ-nin nəzarəti altında beynəlxalq təhlükəsizlik məsələsinə yeni bir baxış ortaya qoymağa istiqamətlənməlidir. Bu vəziyyət qlobal təhlükəsizliyin təmin olunması üçün başda Rusiya və ABŞ olmaqla lider ölkələrin üzərinə düşən məsuliyyəti artırır. Bəlkə də dünya yeni bir təhlükə ilə qarşı-qarşıyadır. Buna zəruri reaksiya verilməlidir."
Rusiya Strateji Raket Qoşunları Baş Qərargahının sabiq rəisi, general-polkovnik Viktor Yesin isə deyib ki, Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi xəbərləri ilə bağlı təşviş bu ölkənin nə edəcəyi bəlli olmayan rejimə görədir.
"Cənubi Koreya və Yaponiya ilə münasibətlər gərginləşsə, Pxenyan rejimi nüvə silahını tətbiq edə bilər. Bu, isə çox böyük qorxu yaradır" — deyə Yesin əlavə edib.