BAKI, 5 yan — Sputnik. Rusiya beynəlxalq mülki aviasiya qaydalarının əksinə olaraq aviaşirkətlərin uçuş heyətindən viza istənilməsi ilə bağlı Pegasus və Onur Hava yolları müvəqqəti olaraq Rusiyaya uçuşları dayandırmaq qərarına gəlib. Türk Hava Yolları isə səfərlərinə davam edir. Hazırda Türkiyə aviaşirkətləri ilə Rusiya arasında bu məsələlərin necə tənzimlənəcəyi diqqət mərkəzindədir.
Sputnik Türkiyənin “Milliyet” qəzetinə istinadla xəbər verir ki, Rusiya hərbi təyyarəsinin Türkiyə sərhəddini pozmasından sonra Türk Silahlı Qüvvələri tərəfindən vurulması ilə iki ölkə arasında bütün sahələrdə böhran dərinləşməkdə davam edir. Rusiya 1 yanvar 2016-cı il tarixindən etibarən vizasız gediş-gəlişi aradan qaldıracağını bəyan etmişdi. Bundan sonra Rusiya beynəlxalq qaydalara zidd olaraq, Türkiyədən gələn sərnişin təyyarələrinin uçuş heyətinə də viza problemi yaradıb.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına görə, təyyarədən enməyən, gediş-gəliş səfəri edən hava yollarının uçuş heyəti üçün viza tələb olunmur. Bu heyətlər xüsusi icazə ilə 1 və ya 2 gün o ölkədə də qala bilərlər.
Baş verən gərginliyə görə, Pegasus və Onur Hava yolları müvəqqəti olaraq Rusiyaya uçuşlarını dayandırmaq məcburiyyətində qalıb. Pegasus Hava yollarının bu barədə verdiyi açıqlamada deyilir: "Şirkətimiz viza üçün etdiyi müraciətlərə baxmayaraq, hər hansı bir cavab almadığına görə, Türkiyə ilə Rusiya arasındaki səfərlərimiz 13 Yanvar 2016-cı ilin çərşənbə gününə qədər (12 yanvar 2016-cı il də daxil olmaqla) ləğv edilib. Sözügedən təyyarələrə uçuş bileti olan sərnişinlərin pulları geri qaytarılacaq. Bunun üçün çağrı mərkəzimizə müraciət edə bilərsiz.”
Onur Hava Yolları da İstanbulun Atatürk Hava limanından etdiyi Nalçik səfərlərini 14 Yanvar 2016-cı il tarixinə qədər dayandırıb.
Böhrandan əvvəl Rusiya bazarının ən böyük xarici mülki aviasiya şirkəti olan Türk Hava Yolları isə əvvəlcə 150 nəfərlik uçuş heyətinə viza aldırıb. Bu heyət Rusiyaya edilən səfərlərdə öz vəzifəsini icra etməyə başlayıb. Sonra bu rəqəm 400-ə çatdırılıb.
Rusiya, Türkiyədən gələn özəl təyyarələrə də icazə vermir. Bu səbəbdən Türk özəl təyyarələri Bolqarıstanda bir nöqtəyə texniki eniş edir. Daha sonda bu nöqtədən Rusiyaya uçuş üçün icazəsi alınır. Tələb Türkiyə xaricindən gəldiyi üçün Rusiya icazə verir, vizalar isə əməliyyat xüsusi hava qaydaları çərçivəsində həyata keçirildiyinə görə, qapıda verilir.