BAKI, 5 yan-Sputnik. Rusiya, yerli məmurların tələbinə əsasən, həddən artıq soyuqlar səbəbindən Ukraynanın cənubundakı Xerson vilayətinin Heniçesk şəhərinə təbii qaz göndərməyə başlayıb. Sputnik xəbər verir ki, Rusiya baş nazirinin müavini Dmitri Kozak, prezident Vladimir Putinin təlimatı ilə əlaqədar olaraq Krımdan Ukraynanın Heniçesk şəhərinə təbii qaz göndərməyə başladıqlarını söyləyib.
Kremlin mətbuat katibi Dmitri Peskov da bir qədər əvvəl Heniçeskdən məmurların "şəhər sakinlərinin soyuqdan donmaması üçün" Rusiyaya müraciət etdiyini, Putinin də "humanitar məqsədlərlə" şəhərə təbii qaz göndərməyi tapşırdığını bildirmişdi.
Digər yandan, Ukrayna, Avropadan ucuz təbii qaz ala biləcəyini söyləyərək 2015-ci ilin noyabrında Rusiyadan təbii qaz almağı tamamilə dayandırmışdı.