BAKI, 25 dek-Sputnik. Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Suriyadan terrorçuların neft qaçaqmalçılığının yeni marşrutunu açıqlayıb.
Sputnik-in məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy bu gün keçirdiyi brifinqdə İŞİD-çilərin nefti oğurlayaraq Türkiyəyə qaçırdığını deyib:
"Suriyada terrorçular tərəfindən oğurlanan neft İraqa, oradan isə Türkiyəyə aparılır."
Rudskoy Rusiya aviasiyasının zərbələrindən yayınmağa cəhd edən terrorçuların neft qaçaqmalçılığının hərəkət marşrutunu dəyişdiyini açıqlayıb.
Onun sözlərinə görə, neftlə dolu avtomobillər İŞİD-in nəzarətində olan Deyr-Ez-Zor əyalətindən keçərək sərhədyanı yaşayış məntəqələri olan Quna və Tell-Sfuk vasitəsi ilə İraqın Mosul və Zako bölgələri istiqamətində hərəkət edir.