BAKI, 20 dek — Sputnik. Dekabrın 19-u gün ərzində və 20-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər. Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.
Düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə nəzarət etməklə düşmənin bütün hərəkətlərinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.