BAKI, 18 dek-Sputnik. Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyənin hava məkanını pozmayıb, Türkiyə və onun vətəndaşları üçün heç bir təhlükə törətməyib. Su-24 Türkiyə sərhədindən 5,5 kilometr aralıda vurulub.
Sputnik-in məlumatına görə, bu bəyanatla Rusiya Hərbi-Kosmik Qüvvələri komandanının müavini Sergey Dronov Moskvada keçirdiyi brifinqdə çıxış edib.
"Hadisə baş verən gün Türkiyə rəhbərliyi Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu bəyan edib. Biz də bəyan edirik ki, Rusiya təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Rusiyanın əlində Su-24-ün Türkiyə sərhədini pozmadığına dair sübutlar var" — deyə Dronov bildirib.
Dronov təyyarənin "qara qutu"sunun Çin və Britaniya mütəxəssislərinin iştirakı ilə oxunmasına başlanıldığını deyib. Onun sözlərinə görə, bu vaxtadək "qara qutu" üzərində heç bir iş aparılmayıb və "qara qutu" təyyarənin düşdüyü yerdən götürüldüyü vəziyyətdədir".
Su-24 təyyarəsinin "qara qutusu"nun Rusiya tərəfinə dekabrın 8-də təhvil verildiyini deyən Dronov bildirib ki, Rusiya prezidentinin tapşırığı əsasında "qara qutu"nun tədqiqatı həm yerli, həm də xarici ekspertlər üçün maksimal səviyyədə şəffaf keçiriləcək. Buna görə də Rusiya 14 dövlətdən olan beynəlxalq ekspertləri həmin prosesdə iştiraka dəvət edib.