BAKI, 14 dek — Sputnik. "Azərbaycan Dağlıq Qarabağ probleminin öz xeyrinə həll olunması üçün Rusiyanı göz ardı edə bilməz". Bunu Sputnik-ə açıqlamasında Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, siyasi şərhçi Yusuf Çınar deyib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ məsələsində az da olsa ümidini saxlamaq istəyirsə, Rusiya ilə yaxşı yola getməyə məhkumdur.
"Azərbaycan Türkiyə ilə qardaş ölkədir. Ancaq təyyarə böhranından sonra rəsmi Bakının Rusiyanı qarşısına alaraq Türkiyənin yanında durması çox çətindir. Bu istiqamətdə bir az risk alsa, o zaman Qarabağla bağlı ciddi problem yaranacaq" — deyə politoloq Yusuf Çınar bildirib.
Noyabrın 24-də səhər saatlarında Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Suriya ilə sərhəddə Rusiyanın "Su-24" döyüş təyyarəsini vurub. Türkiyənin Baş Qərargahından verilən açıqlamaya görə, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Daha sonra həmin təyyarənin Rusiyaya aid olduğu üzə çıxıb.