BAKI, 2 dek-Sputnik. Bütün dünyanın haqlı olduğumuzu qəbul etdiyi bir məsələdə Rusiyanın buna qeyri-adekvat reaksiya verməsini təəssüf hissi ilə izləyirik. Bu reaksiyaların davam edəcəyi halda cavab tədbirləri həyata keçirmək məcburiyyəti qarşısında qalacağıq.
Sputnik Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, belə bir bəyanatla Qətərdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Ərdoğan deyib ki, heç kimin Türkiyəyə İŞİD-dən neft alması ilə bağlı iftira atmağa haqqı yoxdur.
"Türkiyə bir terror təşkilatından neft alacaq qədər əxlaqi dəyərlərini itirməyib. Bu iftiranı atanlar bunu sübut etmək məcburiyyətindədir. Bunu sübut etsələr, prezident kürsüsündə bir dəqiqə qalmaram. Lakin iftiranı atanlar da öz kürsülərini tərk etməlidir. Dürüst siyasət bunu tələb edir", — deyə Türkiyə prezidenti əlavə edib.