BAKI, 30 noy – Sputnik. “Heç kim bizdən üzrxahlıq gözləməsin. Türk ordusu öz vəzifəsini yerinə yetirib”. Bunu Brüsseldə səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu, NATO baş katibi Jens Stoltenberq ilə görüşündə deyib.
Mətbuat konfransında sualları cavablandıran Davudoğlu, Rusiya ilə dialoq qapılarının da hər zaman açıq olduğunu söyləyib.
“Türkiyə-Suriya sərhədi NATO sərhədidir. Hava məkanımızın pozulması sadəcə Türkiyəyə qarşı deyil, NATO-ya qarşı da ciddi qanun pozuntusudur” deyə baş nazir əlavə edib.
Öz növbəsində NATO baş katibi Stoltenberq Türkiyənin önəmli müttəfiq olduğunu xatırladaraq, Rusiya ilə dialoqun vacibliyini vurğulayıb:
“Rusiya Suriyada ortaq düşmənimiz olan İŞİD-i hədəf almalıdır. Belə qəzaların bir daha yaşanmaması üçün, beynəlxalq mexanizmlərin dövrədə olması lazımdır”
Noyabrın 24-də səhər saatlarında Türk ordusu Suriya ilə sərhəddə “Su-24”döyüş təyyarəsini vurub. Ölkənin Baş Qərargahından verilən açıqlamada, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Daha sonra həmin təyyarənin Rusiyaya aid olduğu üzə çıxmışdı.