BAKI, 30 noy-Sputnik. Mən heç kimin çətinliyinə sevinmək niyyətində deyiləm. Türkiyə bizim üçün çox önəmli turizm nümunəsidir. Biz çox vaxt onlardan nümunə götürürük. Sözsüz ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi rus turistlərin Türkiyəyə az səfər etməsinə gətirib çıxaracaq. Amma biz bu proseslərə mütləq reaksiya verməliyik.
Sputnik xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra rus turistlərinin Azərbaycana gözlənilən çoxsaylı səfərləri barədə fikirlərə münasibət bildirərkən deyib.
Nazir bildirib ki, Azərbaycan Turizm Assosiasiyası "AZAL" ilə birgə tədbirlər hazırlayır: "Biz otellərlə danışmışıq, yeni paketləri tərtib etmişik. Bu gün turizm sənayesinin nümayəndələri ilə görüş keçirəcəyik, yeni tövsiyələr veriləcək. Artıq Moskvada və digər vilayətlərdə proses başlayıb, işlər aparılır. Baxmayaraq ki, bu siyasi vəziyyətdir, yaxud başqa məsələlərdir, biz maraqlıyıq ki, Azərbaycan turizmi Rusiya bazarında layiqincə təmsil olunsun".