Bakı, 29 noy — Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.
Türkiyədən müəyyən növ malların Rusiyaya gətirilməsinə qadağa qoyulmasına dair göstəriş verib. RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, qadağan olunmuş malların (Avrasiya İqtisadi İttifaqının qaydalarının icazə verdiyi şəxsi istifadə üçün həcmlər istisna olunmaqla) siyahısı Rusiya hökuməti tərəfindən tərtib edilir.
Növbəti qadağa, Putin 2016-cı ilin yanvarın 1-dən Türkiyə ilə viza rejiminin dayandırılmasına dair göstəriş verib.
Məlumata görə, bu tədbirlər Rusiya ərazisində müvəqqəti yaşamaq hüququna malik Türkiyə vətəndaşlarına, həmçinin Türkiyənin Rusiyadakı diplomatik missiyalarının işçilərinə və onların ailə üzvlərinə şamil edilməyəcək.
Bundan başqa, 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoyulub.
"Rusiya hökuməti tərəfindən tərtib olunan siyahıya daxil edilməyən iş verənlərə, iş (xidmət) sifarişçilərinə 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının əmək fəaliyyətinə, işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilməsinə qadağa qoyulub", deyə məlumatda bildirilir.