BAKI, 27 noy-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif etdiyini, lakin Rusiya tərəfinin hələlik cavab vermədiyini bildirib.
Sputnik xəbər verir ki, Ərdoğan bu barədə Fransanın "France 24" telekanalına müsahibəsində bildirib.
"Mən Vladimir Putinlə noyabrın 30-da Parisdə görüşün keçirilməsinə dair sorğu verdim, lakin hələ cavab almamışam", deyə Ərdoğan bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını deyib.
"France 24" telekanalına müsahibəsində Ərdoğan həmçinin "Təyyarənin Rusiyaya məxsus olduğu bizə məlum olsaydı, biz Türkiyənin hava məkanının pozulmasının qarşısını başqa cür alardıq", deyib.
Ərdoğanın dediyinə görə, vurulan Su-24 təyyarəsinin Rusiyaya məxsus olduğu müəyyən ediləndən sonra rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi yaratmağa çalışıb, lakin o cavab verməyib.
Türkiyə prezidenti bundan əvvəl "BBC"-yə müsahibəsində Rusiyaya məxsus "Su-24" bombardmançı təyyarəsinin vurulmasına görə Kremldən üzr istəmək niyyətində olmadığını bildirib.