BAKI, 24 noy-Sputnik. ABŞ Prezidenti Barak Obama Fransa prezidenti Fransua Ollandla Ağ Evdə təşkil etdiyi mətbuat konfransında Rusiyaya məxsus təyyarənin Türkiyə sərhəddində vurulmasına münasibət bildirib. O, deyib ki, bu, Rusiyanın Türkiyə sərhədlərində apardığı əməliyyatların yaratdığı problemlə bağlıdır.
"Dünyadakı hər kəs kimi, Türkiyənin də öz ərazilərini və hava sahəsini qoruma haqqı var" deyən Obama bildirib ki, bu hadisə Suriya ilə bağlı siyasi proseslərin sürətləndirilməsinin vacib olduğunu göstərir. Obama ABŞ-ın bu hadisənin gərginliyi artırmasını istəmədiyini deyib. Bu məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.
Rusiyanın Suriyada yumşaq muxalifləri vuraraq Suriya prezidenti Bəşər Əsədi gücləndirdiyini vurğulayan Obama, "Rusiya hava hücumlarını İŞİD-ə yönəltməklə daha səmərəli bir rol oynaya bilər" deyib.
Qeyd edək ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.