BAKI, 24 noy — Sputnik. Suriyadan olan etnik ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Zəngilan, Laçın və Xocalı rayonlarına köçürülməsinin Ermənistan rəhbərliyi tərəfindən dəstəklənməsi və buna şərait yaradılması ciddi narahatlıq doğurur.
Sputnik xəbər verir ki, bu fikri BMT Baş Məclisinin 61-ci plenar iclasında, miqrantların, o cümlədən qaçqın statusu almaq istəyənlərin Aralıq dənizi hövzəsində üzləşdiyi faciə barədə qlobal məlumatlandırma məsələlərinə həsr edilmiş iclasda Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın bu cür məqsədyönlü hərəkətlərini təsdiq edən informasiya həm beynəlxalq mənbələrdə, həm də Ermənistanın özünün kütləvi informasiya vasitələrində hamı üçün əlyetərlidir:
“Şübhəsiz, Ermənistanın əsl niyyəti heç də qaçqınlara humanitar yardım göstərmək deyil. Ermənistan humanizm və həmrəylik şüarı altında özünün işğalçı və təcavüzkar məqsədlərinə nail olmaq üçün suriyalı qaçqınların faciəsindən sui-istifadə edir. Bu, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il tarixli Dördüncü Cenevrə Konvensiyasının və digər protokolların ciddi pozulması deməkdir. Beynəlxalq birlik, xüsusən mandat verilmiş məsul tərəflər Ermənistanın qanunsuz hərəkətlərinə son qoyulması və onun məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görməlidir.”
Azərbaycanlı diplomat vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, bunun ölkə üçün doğurduğu sosial-iqtisadi nəticələrə baxmayaraq, Azərbaycan 2012-ci ildə suriyalı qaçqınların saxlanması şəraitini yaxşılaşdırmağa töhfə verib, İordaniyada məskunlaşmış bu qaçqınlara Beynəlxalq İnkişaf və Yardım Agentliyi vasitəsilə birbaşa maliyyə yardımı göstərib.
Azərbaycanlı diplomat çıxışında onu da əlavə edib ki, dövlətlər öz miqrasiya siyasətini müəyyən etməli, bu məsələyə hərtərəfli yanaşmalı, miqrantlar, qaçqınlar və sığınacaq istəyən insanlar barəsində ayrı-seçkilik, ksenofobiya siyasətindən çəkinməlidirlər: “Əgər bu insanlara vaxtında müvafiq yardım göstərilməsə, nəticələr daha ciddi ola bilər.”
Azərbaycanın daimi nümayəndəsi çıxışının sonunda potensial münaqişələrin qarşısının alınması və mövcud münaqişələrin nizamlanması üçün sülh və təhlükəsizlik naminə mümkün olan bütün tədbirləri görməyə çağırıb.