BAKI, 24 noy — Sputnik. Rusiya bundan sonra da Xəzərin hava məkanından Suriyadakı terrorçu təşkilatların mövqelərini vurmağı davam etdirəcək.
Sputnik xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri RF prezidenti Vladimir Putin Tehranda Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedovla görüşündə bəyan edib.
Putinin sözlərinə görə, nə qədər ki, Rusiyanın Misirin Sinay yarımadası üzərində vurulan təyyarəsinin günahkarları cəzalandırılmayıb, Rusiya Xəzər dənizi akvatoriyasından terrorçuları məhv etmək üçün istifadə edəcək: “Düzdür, terrorçuları məhv etmək üçün Xəzər akvatoriyasından istifadə etməyimiz bəzi dostlarımızı narahat edir. Xüsusən də Qazaxıstan bu hərəkətlərdən narahatlıq keçirir, amma bizə bununla bağlı hələ ki, bir söz deməyiblər. Biz yaxşı anlayırıq ki, bu hərəkət bəzi dostlarımız üçün narahatlıq yaradır. Ancaq terrorizmə qarşı mübarizə məsələsində ən ağır yük Rusiyanın üzərinə düşür… Bilməliyik ki, terrorçu təşkilatlar, o cümlədən özünü İŞİD kimi təqdim edən təşkilat heç kimə və heç nəyə yazığı və rəhmi gəlmədən vəhşiliklərlə məşğuldur.”
Putin onu da əlavə edib ki, Xəzər akvatoriyasından istifadə bəzi dostları narahat etdiyindən bu narahatlığı minimuma endirmək lazımdır.
“Ancaq bizim vurulan təyyarə ilə bağlı acı təcrübəmizi nəzərə alaraq deyə bilərəm ki, biz günahkarları tapıb cəzalandıranadək lazımi addımları davam etdirəcəyik”, — deyə Putin qeyd edib.
Türkmənistan prezidenti də öz növbəsində Rusiyanın İŞİD və digər terrorist təşkilatların mövqeyini vurmaq məqsədi ilə Xəzər akvatoriyasından hərbi məqsədlər üçün istifadəsinin bəzi region ölkələrini, xüsusən də Qazaxıstanı narahat etdiyini dilə gətirib.
“Şəxsən mənim özümdə mülki aviasiyanın hərəkəti ilə bağlı məsələlərdə müəyyən suallar yaranır. Təyyarələrin uçuş marşrutunu dəyişməyə ehtiyac var ya yox, bu lazımdırmı? Bax belə narahatlıqlar var. Bu məsələlər qazax həmkarlarımızı da çox narahat edir.”
Putin deyib ki, bu əməliyyatlar əbədi deyil və müvəqqəti xarakter daşıyır: “Bunlar Suriya ordusunun terrorçuları məhv etmək istiqamatəndəki hücumlarına dəstək vermək məqsədi ilə atılan addımlardır.”