BAKI, 20 noy — Sputnik. Ermənistan parlamentində Xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə keçirilən qapalı iclas bir daha onu sübut edir ki, İrəvan Qarabağ probleminin həllində çaşqın vəziyyətdədir.
Bunu Sputnik-ə açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, son bir neçə ay ərzində Suriya ətrafınada baş verən proseslərin fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə müəyyən diqqət artıb.
“Xüsusilə də ATƏT MQ-nin həmsədrləri Rusiya və ABŞ bu məsələdə daha aktivlik nümayiş etdirirlər. Diplomatlar işçi səviyyədə bu problemlə yaxından məşğuldurlar. Münaqişənin həlli ilə bağlı müxtəlif variantlar müzakirə olunmaqdadır”, deyə Abbasov bildirib.
Politoloqun fikrincə, problem və böhran o zaman həll olunur ki, diplomatlar o işlə yaxından məşğul olur: “İndi də biz bu prosesin şahidiyik.”
Politoloq onu da əlavə etdi ki, Qarabağ münaqişəsinin tənzimlənməsində digər həmsədr ölkələrdən daha çox Rusiya aktiv fəaliyyət göstərir.
“Çünki Rusiya aidiyyatı olduğu böhranların həlledilmə modellərinin işlənib hazırlanmasında maraqlı olduğunu göstərməkdədir. Ondan əlavə Qarabağ münaqişəsinin həllində də ATƏT MQ-nin digər həmsədr ölkələrindən fərqli olaraq Rusiyanın daha çox imkanı və şansı var. Hələ 1994-cü ildə tərəflər arasında atəşkəsin əldə olunmasında da Rusiyanın müstəsna rolu olub”, — Abbasov qeyd edib.
Abbasov əlavə etdi ki, tərəflər arasında ortaq məxrəcə gəlinərsə ABŞ və Fransa da bu prosesə qoşulub dəstək verə bilər.
Ermənistan parlamentində keçirilən qapalı görüşə gəldikdə isə politoloq bildirib ki, Moskva Qarabağ münaqişəsinin həli ilə bağlı İrəvanı məlumatlandırıb və İrəvan da yaranmış durumda çaşqınlıq vəziyyətindədir: “Çünki Ermənistanın düşdüyü vəziyyət onu Qarabağ məsələsində geri çəkilməyə və Moskvanın irəli sürdüyü təkliflərə razılıq verməyə məcbur edir. Ona görə də yaranmış vəziyyəti qapalı formada da olsa parlamentdə müzakiə edir. Əgər Ermənistan yenə də destruktiv mövqe nümayiş etdirərsə, o zaman onun bir dövlət kimi ölum-qalım məsələsi gündəmə gəlir. Odur ki, Nalbandyan yaranmış durumla bağlı parlamentin müəyyən hissəsini məlumatlandırır.”
Prezidentlərin görüşündə yeni təkliflərin müzakirə olunub müəyyən proqresslərin əldə olunmasına gəldikdə isə politoloq bildirdi ki, yeni təkliflərin müzakirəsi istisna deyil.
Politoloq Ərəstun Oruclu isə bildirib ki, qapalı müzakirələr barədə məlumat olmadığından hansısa mülahizə irəli sürmək bir az çətindir: “Biz sadəcə ehtimallar barədə danışa bilərik. İstisna deyil ki, bu görüşdə Qarabağ məsələsi də müzakirə olunub. Amma bu məsələ ilə yanaşı Ermənistanın Qərblə, İranla və Gürcüstanla yaxınlaşması da müzakirə olunub. Çünki Ermənistanın son dövrlərdə Qərb və Gürcüstanla əlaqələrini canlandırması Moskvanı qıcıqlandırır. Odur ki, görüşdə Qarabağ münaqişəsi ilə yanaşı Rusiya-Ermənistan münasibətləri də müzakirə olunub.”