BAKI, 5 noy — Sputnik. Avropa Şurasının Parlament Assambleyasının Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırış Azərbaycan iqtidarının, Azərbaycan Prezidentinin apardığı xarici siyasətin birbaşa nəticəsidir. Bunu Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, bu problem ətrafında olan məsələlərlə bağlı daim ermənilər yalan, reallıqdan uzaq sənədlər yayırdılar: “Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə hücum diplomatiyasının aparılması ilə bağlı tövsiyyələri mütləq şəkildə həyata keçirilməli idi. Biz daima bu istiqamətdə reallığı, qanunun aliliyinin Avropada bərqərar olunmasını istəyən bir tərəf kimi çıxış edirik”.
S.Seyidov vurğulayıb ki, Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı belə bir sənədin AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsində səs çoxluğu ilə qəbul edilməsi çox vacib və əhəmiyyətli bir məsələdir: “İşğalçının işğalçı adı ilə adlandırılması, Azərbaycana qarşı törədilmiş cinayətlərin çox vacib bir sənəddə əks olunması və beynəlxalq təşkilat tərəfindən qəbul olunması özlüyündə çox əhəmiyyətli və təsiredici bir hadisədir. Əminəm ki, Azərbaycan Prezidentinin və iqtidarının apardığı bu siyasət gec-tez Azərbaycan torpaqlarının da işğaldan azad olunmasına gətirib çıxaracaq. Biz bu prosesin şahidiyik. Noyabrın 1-də keçirilən parlament seçkilərinin ədalətli və demokratik tanınması, Dağlıq Qarabağ məsələsinin bu şəkildə və obyektiv formada Avropa Şurasında təqdim olunması ona dəlalət edir ki, Azərbaycanın apardığı siyasət çox düzgün, ağıllı, düşünülmüş və Azərbaycan maraqlarını əks etdirən bir siyasətdir”.