BAKI, 30 okt — Sputnik. Psixologiya elmləri namizədi, Rusiya Politoloqlar Cəmiyyətinin üzvü, RF Dövlət Duması yanında Rusiya — Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskayanın Seçki-2015.az saytına müsahibəsi
- Azərbaycanda seçkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz?
— Azərbaycanda seçkiqabağı vəziyyəti sabit dəyərləndirmək olar. Bu hal seçkilərin keçirilməsində çox önəmlidir. Ötən seçkilərlə müqayisədə bu dəfə rekord sayda namizəd qeydiyyatdan keçib, onların sırasında 15 siyasi partiya, bloku təmsilçiləri, eləcə də öz namizədliyini fərdi qaydada irəli sürənlər var. Dünyada gedən iqtisadi böhrana baxmayaraq dövlət ölkənin valyuta ehtiyatlarını qoruyub saxlaya bildi və bununla da vətəndaşların hazırkı iqtisadi kursun düzgün olduğuna bir daha inamını artırmış oldu. Bu mənada Azərbaycan xalqının sabitliyə, iqtisadi dayanıqlığa səs verəcəyini düşünürəm.
— Seçkilərlə bağlı proqnozunuz?
— Müxtəlif sorğuların nəticələrinə görə, hakim partiyanın reytinqi 70-80 % arasında dəyişir, ölkə müxalifəti isə lidersiz, dağınıq haldadır. Bu, dövlətin güclü idarəçilik sistemini xarakterizə edir. Azərbaycan istənilən beynəlxalq təzyiqlər qarşısında dayanıqlıq göstərmək iqtidarında olan ölkədir. Qərbli siyasətçilərin seçki hazırlığından narazılığına baxmayaraq, prosesin standartlara uyğun keçməsi ölkənin güclü inkişafından xəbər verir. 36 beynəlxalq təşkilatı təmsil edən 465 müşahidəçi seçkini izləyəcək, onlardan 147 nəfəri MDB ölkələrindəndir. Onların arasında parlament deputatları, seçki üzrə ekspertlər, həmçinin Rusiya MSK-ın rəhbəri Vladimir Çurov da var. Bu qədər müşahidəçinin nəzarəti təbii, ki, seçkilərin şəffaflığını və demokratikliyini, nəticələrin isə legitimliyini tam təmin etmək gücündədir.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkini izləməkdən imtina etməsini necə şərh edərdiniz?
— Adını çəkdiyiniz qurum və digərləri Qərbin siyasiləşmiş və öz maraqlarını diqtə etməyə cəhd göstərən bəzi institutlarının təsiri altındadır. ATƏT-in müvafiq Bürosunun son müəmmalı addımı da bununla bağlıdır, əvvəlcə Azərbaycana misli görünməmiş sayda müşahidəçi göndərmək barədə ultimatum verdilər, amma sonradan bundan imtina etdilər. Tutaq ki, Qərb imtina qərarı ilə sonradan Azərbaycanda demokratiyanın olmadığını demək istəyəcək, əgər onlar seçki prosesini izləməyəcəklərsə, bizə bunu necə sübut edəcəklər?
- Azərbaycanda seçkilər və ya digər əhəmiyyətli tədbirlər öncəsi ölkəyə kənardan təzyiqlər daha da güclənir. Bu, nə ilə bağlıdır?
— Avropalılar daim Azərbaycanı özlərinin tərəfdaşı adlandırırlar. Amma Azərbaycana yanaşmada təəssüf ki, həmişə qərəz, ikili standartlar nümayiş etdirilər. Buna görə də Qərbin getdikcə Azərbaycanda nüfuzunun aşağı düşməsi mənim üçün heç də təəccüblü deyil. Avropalılar vacib qərarların milli maraqlar zəminində Azərbaycanın məhz özünün qəbul etmək hüququnu hələ də tanımaq, bununla barışmaq istəmirlər. Azərbaycan heç kimin daxili işlərinə qarışmır, nüfuz və gücündən asılı olmayaraq kiminsə onun işlərinə müdaxilə etməsinə də imkan vermək fikrində deyil. Ona görə də Avropa İttifaqı başa düşməlidir ki, Azərbaycanın daxili işlərinə müdaxilə, müxtəlif bəhanələr adı altında təzyiqlər ikitərəfli münasibətlərə xələl gətirə bilər.