BAKI, 8 okt-Sputnik. Rusiyanın Xəzər Hərbi Dəniz Donanması vasitəsi ilə Suriyadakı İŞİD hədəflərini bombalaması dünyada ciddi rezonansa səbəb olub.
Məsələ ilə bağlı Sputnik-ə mövqeyini açıqlayan millət vəkili Rasim Musabəyov deyib ki, bu hərəkəti Rusiyanın əzələ nümayişi kimi qiymətləndirmək olar və bunun başqa bir adı yoxdur. "Rusiya Suriyadakı hərbi hədəfləri vurmaqla İŞİD-ə qarşı mübarizə apardığını deyirsə, ABŞ Dövlət Departamenti bəyan edir ki, Rusiyanın vurduğu hərbi obyektlərdən 90%-dən çoxu İŞİD-in hərbi obyektləri deyil, Bəşər Əsəd rejiminə qarşı döyüşən digər müxalif qüvvələrin obyektidir" — deyə politoloq vurğuladı.
Millət vəkili hesab edir ki, Rusiyanın bu güc nümayişi bizə qarşı deyil: "Bu güc nümayişi əsasən NATO-ya, ABŞ-a, Qərbə və Suriyada döyüşən ölkələrə qarşıdır ki, mən də varam."
Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Rusiyanın bu hərəkəti vəziyyətin nə qədər mürəkkəb olmasından xəbər verir. "Bu bir daha göstərdi ki, Rusiyanın hər hansı bölgəsində yerləşən hərbi dairəsindən təkcə bu ölkəyə qarşı hücumdan müdafiə, həmçinin həmsərhəd ölkədə baş verən münaqişələrdə istifadə üçün deyil, eyni zamanda dünyanın müxtəlif bölgələrində istifadə edə bilər. Rusiya Xəzərdəki hərbi donanmasında raketlə İran və İraq üzərindən keçməklə Suriyada hərbi qüvvləri məhv edir. Bax, bu çox ciddi amildir və bunu nəzərə almaq lazımdır" — deyə politoloq bildirib.
Vəlizadənin fikrincə, İŞİD buna adekvat olaraq Şimali Qafqazda cəbhə aça və bölgədə aktivləşə bilər. Bu da nəticədə regionlararası münaqişələrə gətirib çıxarar.
Politoloq hesab edir ki, Rusiyanın bu hərəkətindən sonra Qərb-Rusiya münasibətləri kəskinləşəcək və sonda bu, ABŞ başda olmaqla NATO-nun Suriyaya quru qoşunu yeritməsi ilə nəticələnəcək. Necə ki, analoji hadisə 1999-cu ildə Serbiyada olmuşdu.