BAKI, 2 okt — Sputnik. Bu gün Azərbaycanın Xocavənd rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 23 il ötür.
Sputnik-in xəbərinə görə, Xocavənd rayonu 26.11.1991-ci il tarixdə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun ərazisi 1.46 min km2, əhalisi 42,4 min (01.04.2013) nəfərdir. Xocavənd rayonu ilə Bakı arasında olan məsafə 334 kilometrdir. Xocavənd rayonu 1 şəhər (Xocavənd), 2 iri qəsəbə (Hadrut, Qırmızı Bazar) və 81 kəndi birləşdirir.
Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var. Çayları (Xonaşençay, Köndələnçay, Qozluçay, Quruçay, Çaxmaqçay, Alıçay, Atautçay, Binəçay və s.) Kür-Araz hövzələrinə aiddir.
Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən, dağlıqdır. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir. Bitki örtüyündə kolluq və seyrək meşəli çəmənlər üstünlük təşkil edir. Xocavənd rayonunda Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 il və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 il yaşlı Şərq çinarları təbiət abidəsi kimi qorunurdu.
Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına düşmüş 0,5 ha III dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi.
Rayon ərazisində Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var.
1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib. Xocavənd rayonu 02.10. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.