BAKI, 1 okt – Sputnik. "Suriya müxalif ordusu xalqın dəstəyi ilə Həma və Xoms şəhərlərini bir il öncə İŞİD və Əl-Qaidədən təmizlədi. Bugün isə Rusiya İŞİD-i bəhanə edərək bu şəhərləri bombalamaqla məşğuldur. Onların məqsədi Əsədə qarşı döyüşən müxalifləri zəiflətməkdir”. Bunu Suriya Müxalifətinin lideri Xalid Hoca BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya döyüş təyyarələrinin havadan zərbələr endirdiyi Xoms və Həma şəhərləri İŞİD və Əl-Qaidə silahlılarından bir il öncə təmizlənib.
“Putinin əsas məqsədi Bəşər Əsədə dəstək verməkdir" deyən Xalid Xoca Suriya xalqının bunu heç vaxt unutmayacağını və Rusiyaya layiqli cavab verəcəyini bildirib.
“Rus qırıcıları Xoms şəhərinin şimalındakı üç bölgəni vurub. Hücum nəticəsində 5-i uşaq, biri tibb işçisi olmaqla 36 sivil vətəndaş həyatını itirib" deyə müxalif lider bəyan edib.
Beynəlxalq birliyin bu hücumu qınamasını və mülki insanların qorunmasını istəyən Xalid Xoca, müxalif ordunun tərkibində 70 min əsgərin olduğunu və Rusiyaya layiqli cavab veriləcəyini söyləyib.
Rusiyanın Müdafiə Nazirliyi isə bəyan edib ki, döyüş təyyarələri Suriyada İŞİD-in komanda mərkəzlərini bombalayıb.